Son illər ərzində psixoloji dəstək üçün müraciət edənlərin əsas səbəblərinə nəzər salsaq, bunların böyük bir qismini uşaqlarda təşviş fonunda müşahidə olunan diqqət əskikliyi təşkil edir.
Valideynlər tez-tez vurğulayır ki, uşaq evdə tapşırıqları həll edir, suallara ətraflı və düzgün cavab verir. Lakin məktəbdə və ya imtahan zamanı çox aşağı nəticələr göstərir. Bu halda uşaq bəzən bacarıqsız, bəzən də zəif şagird kimi qiymətləndirilir.
Valideynlərdən və müəllimlərdən tez-tez eşitdiyimiz “Başı var, amma oxumur”, “Diqqəti dağınıqdır”, “Çox utancaqdır, uşaqlarla ünsiyyət qura bilmir”, “Sual veriləndə susur” kimi ifadələr uşağın psixoloji durumuna mənfi təsir edir. Problemi həll etmək üçün sinfi, müəllimi, hətta məktəbi dəyişmək kimi tədbirlər görülür, lakin bu kimi hallarda ilk addım psixoloji dəstək almaq olmalıdır.
Uşağı digər uşaqlarla müqayisə etmək müşahidə edilən əsas yanlışlardan biridir. Belə yanaşma uşaqda məktəbə qarşı nifrət yarada, sinif yoldaşlarına qarşı qısqanclıq və ya nifrət hissi doğura bilər.
Davamlı olaraq danlanan uşaqlar “Onsuz da bacarıqsızam” inancına sahib olurlar. Valideynlərin tənqidləri bilmədən bu mənfi düşüncəni gücləndirir.
Problemi həll etmək üçün uşaqları həddindən artıq dərsdənkənar hazırlıqlara yönəltmək də geniş yayılan bir yanlışdır. Bu, uşağın istəyi nəzərə alınmadan edildikdə aqressiv davranışlar və ya emosional partlayışlara səbəb ola bilər.
Uşağınıza diqqətlə yanaşın, onu dinləyin və hisslərini idarə etməsində dəstək olun.