Hər bir insan gündəlik həyatda müxtəlif xoşagəlməz hadisələrlə qarşılaşa bilər. Bu hadisələrə birbaşa və ya dolayı yolla şahid olmaq, fərdi xüsusiyyətlərdən asılı olaraq insan psixologiyasına müxtəlif formalarda təsir göstərə bilər. Xoşagəlməz təcrübələr emosional gərginlik yaratmaqla yanaşı, gündəlik həyat fəaliyyətinə də mənfi təsir edə bilər.
Travmatik hadisə dedikdə, insanın və ya yaxınlarının ölüm və ya ciddi yaralanma riski ilə qarşılaşdığı vəziyyətlər nəzərdə tutulur. Hər hansı hadisənin travmatik təsiri, insana və onun bu hadisəyə münasibətinə bağlıdır. Şəxsi təcrübələr, emosional dayanıqlılıq və hadisənin necə qəbul edilməsi həmin hadisənin travma kimi dəyərləndirilməsinə səbəb ola bilər.
Müalicə olunmayan travmalar zamanla uzunmüddətli psixoloji təsirlərə səbəb olur və Travma Sonrası Stress Pozuntusunun (TSSP) yaranmasına gətirib çıxara bilər. TSSP şəxsin həyati təhlükə yaradan hadisədən sonra gecikmiş psixoloji reaksiyası kimi ortaya çıxır və hadisədən sonra bir neçə həftə, ay və ya il ərzində inkişaf edə bilər.
Təbii fəlakətlər, qəza, itki, müharibə, zorakılıq, ağır xəstəliklər və digər sarsıdıcı hadisələr Travma Sonrası Stress Pozuntusunun(TSSP) yaranma ehtimalını artıran amillərdir.
TSSP-nin müalicəsində əlamətlərin dərəcəsindən asılı olaraq həm dərman müalicəsi,yəni psixiatrik müalicə, həm də elmi tədqiqatlara əsaslanan fərqli psixoterapiya növlərindən istifadə edilməkdədir. Bu psixoterapiya növlərindən biri Koqnitiv İşləmə Terapiyasıdır. Koqnitiv İşləmə Terapiyası / KİT (Cognitive Processing Therapy / CPT) Travma Sonrası Stress Pozuntusu (TSSP) və digər travmaya bağlı psixoloji narahatlıqların müalicəsində istifadə edilən elmi əsaslı psixoterapiya növüdür. KİT-in əsas məqsədi, travmatik hadisələrdən qaynaqlanan mənfi düşüncə tərzlərini müəyyənləşdirmək, bu düşüncələrin yenidən işlənməsi və daha realist, düşüncələrlə əvəz olunmasını təmin etməkdir.
"Travmadan sağalın, gücünüzü yenidən qazanın"
Elmi tədqiqatlar göstərir ki, KİT TSSP simptomlarını azaltmaqda çox təsirli bir terapiya üsuludur. Bu terapiya həm də depressiya və stress simptomlarını aradan qaldırmaqda kömək ola bilir.
KİT, adətən, 12-20 sessiyadan ibarət olur .Bu terapiya metodunu yalnız ona bələd olan mütəxəssislə işləmək tövsiyə olunur.
Klinik Psixoloq
Günel İsgəndərli.