Müəllif: Psixoloq və ailə psixoterapevti Türkan Piriyeva

Qazlaytinq ("gaslighting") psixoloji zorakılıq və manipulyasiya formasıdır. Bu manipulyasiyanın məqsədi qarşı tərəfin öz düşüncələrinin, hisslərinin və xatirələrinin yanlış olduğuna inanmasına səbəb olmaqdır. Termin ilk dəfə 1938-ci ildə yazılmış “Qaz işığı” adlı əsərdən yaranıb. Hekayədə kişi həyat yoldaşını müxtəlif yollarla manipulyasiya edərək onun öz ağlına şübhə etməsinə çalışırdı. Zaman keçdikcə bu anlayış psixologiyada emosional manipulyasiya növü kimi istifadə olunmağa başladı.
Amma vacib bir məqam var: hər fikir ayrılığı qazlaytinq deyil. İnsanlar bəzən hadisələri fərqli xatırlaya və ya səhv başa düşə bilərlər. Qazlaytinqdə əsas fərq manipulyasiyanın davamlı və təkrarlanan şəkildə olmasıdır.
Qazlaytinqə məruz qalan insan zamanla:
— öz fikirlərinə şübhə edir;
— qərar verməkdə çətinlik çəkir;
— daim özünü günahkar hiss edir;
— “Bəlkə problem həqiqətən məndədir?” düşüncəsi ilə yaşayır;
— emosiyalarını gizlətməyə başlayır;
— özünü yetərsiz və dəyərsiz hiss edə bilir;
— hətta ağlını itirdiyinə inanmağa başlaya bilər.
İnsan qazlaytinqə romantik münasibətlərdə, dostluqda, ailədə və iş mühitində məruz qala bilər.
1. Romantik münasibətlərdə
Partnyor daim sizi günahkar hiss etdirə bilər. Hisslərinizi “yersiz”, “şişirdilmiş” və ya “məntiqsiz” adlandıra bilər. İnsan isə münasibəti qorumaq üçün özünü susdurmağa başlaya bilər.
2. Dostluq münasibətlərində
Dostluqdakı qazlaytinq daha gizli və qarışıq görünə bilər. İnsan çox vaxt bunu “zarafat”, “səmimiyyət” kimi qəbul edir. Amma bəzi dostlar davamlı şəkildə qarşı tərəfin hisslərini kiçildərək onu özündən şübhə etməyə vadar edə bilər.
Məsələn:
— "Yenə hər şeyi şişirdirsən".
— "Mən zarafat etmişdim, sən çox həssassan".
Belə münasibətdə insan zamanla öz hisslərini ifadə etməkdən çəkinə bilər.
3. Ailə münasibətlərində
Uşaq hisslərini ifadə etdikdə:
— "Sən boş yerə ağlayırsan".
— "Başqalarının uşaqları belə deyil" kimi sözlər eşidə bilər. Bu vəziyyət uşağın zamanla öz hisslərini dəyərsiz hesab etməsinə səbəb ola bilər.
4. İş mühitində
Rəhbər və ya həmkar insanı daim özündən şübhə etməyə vadar edə bilər:
— "Sənə demişdim axı".
— "Sən həmişə səhv anlayırsan".
Davamlı belə münasibət işçidə özünəinamın azalmasına, yetərsizlik hissinə və emosional tükənməyə səbəb ola bilər.
Qazlaytinqlə qarşılaşdıqda bəzi addımlar faydalı ola bilər:
• Öz hisslərinizi inkar etməmək
• Yaşadıqlarınızı qeyd etmək
• Güvəndiyiniz insanlarla danışmaq
• Şəxsi sərhədlər qoymaq
• Lazım olduqda psixoloji dəstək almaq
Psixoloq dəstəyi insanın yenidən öz hisslərinə və düşüncələrinə güvənməsinə kömək edə bilər. Çünki qazlaytinqin əsas zərəri insanın daxili güvən hissini sarsıtmasıdır.
İnsan öz hisslərinə inanmağı öyrəndikcə və sərhədlərini qoruduqca sağlam münasibətlər qurmaq mümkün olur. Sağlam münasibətlərdə insanlar bir-birinin hisslərini kiçiltmədən dinləyirlər. Empatiya, hörmət və açıq ünsiyyət münasibətin əsasını təşkil edir.